0
Wednesday 6 March 2013 - 08:47

Davam edir əsgər qətli

Story Code : 244608
Davam edir əsgər qətli
Davam edir əsgər qətli
Islam times.org/az/ - Yerli mətbuat səhifələrini və sosial şəbəkələri yenə də ordudakı qeyri döyüş şəraitində baş verən əsgər ölümləri mövzusu zəbt edib, mediyaya məlum olan statistikaya görə 2013-cü ildə artıq 14 əsgər (əslində bu rəqəm daha çox da ola bilər, sadəcə olaraq ictimaiyyətə məlum olanların sayı 14-dür) nizamnamədən kənar davranış nəticəsində öldürülüb.

Sadə dillə desək, bu ilin ilk iki ayı üçün olan statistikaya görə ordumuzda 14 nəfər əsgər qətlə yetirilib, ilin sonuna isə hələ 10 ay var, yəni siyahının böyüyəcəyini gözləməmək sadəlöhvlük olardı.

Sonuncu əsgər qətli fevralın 28-də Göyçayın Kürdəmiş kəndindən olan əsgər Allahverdiyev Seymur Mürvət oğlunun Qazaxda yerləşən hərbi hissəsində öldürülməsidir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə əsgər Seymur Allahverdiyev intihar edib, yəni ki, nazirliyin həmişəki kimi köhnə növbətçi bəhanələri, ancaq sizə onu deyim ki, artıq cəmiyyət nazirliyin bu cəfəng fikirlərinə nə inanır nə də buna inanmaq üçün müdafiə nazirliyi bir əl yeri qoyub.

Ölən əsgərin cənazəsi valideynlərinə təhvil verildikdən sonra cənazəni açanlar şoka düşür, çünki əsgərin bədənində sağ salamat bir yer olmur, bundan başqa solaxay olan əsgər özünü güllələyərkən nə üçün sağ tərəfdən sağ əllə özünü güllələyib deyə bir sual da meydana çıxıb. Onu da deyim cənazəni valideynlərinə təhvil verməyə gətirən hərbçilər əvvəl valideynlərinə tabutu açmağa imkan verməyiblər, sonra qohum və qonşuların kütləvi narazılığı nəticəsində hərbçilər tabutun açılmasına mane ola bilməyiblər.

Məhkəmə Tibbi ekspertizasının verdiyi rəy də yalandan başqa bir şey deyil, çünki həmin rəydə verilən arayışa görə əsgər özünü güllələyib, ancaq iş burasındadır ki, həmin güllə yaxın məsafədən atılan atəş deyil, üstəlik əsgərin bədənin də küt alətlərlə vurulan, döyülən zərbələrin izləri var.

Bundan başqa əsgər özünü güllə ilə vurduğu halda, məsafə çox yaxın olduğundan istənilən halda güllə başın digər hissəsindən çıxmalı idi, ancaq burda vəziyyət belə olmayıb. Onu da deyim ki, əsgərin hər iki valideyni bir parça zəhrimara qalmış çörək qazanmaq üçün Rusiyaya getmişdilər və qara məktubu alan kimi Azərbaycana dönüblər. Seymur 17 ayın əsgəri idi, yəni onun tərxis olunmasına cəmi bir ay qalmışdı. Yadınızdadırsa bu ilin əvvəlində yanvarın 12-də əsgər ölümləri ilə bağlı Bakının Fəvvarələr meydanında etiraz aksiyası keçirdi.

Aksiya uğurlu alındı və o zaman bir çoxlarında belə bir təəsürat yarandı ki, yəqin bundan sonra orduda qeyri döyüş şəraitində, nizamnamədən kənar davranış nəticəsində əsgər ölümləri olmayacaq. Ancaq sən saydığını say gör hakimiyyət nə sayır. Bu mövzuda ən çox cəmiyyyəti qəzəbləndirən şeylərdən biri də müdafiə nazirliyinin cəfəng açıqlamalarıdır. Sonuncu əsgər ölümü də kəskin etirazlara səbəb oldu və bu dəfə də gənclər, xüsusilə də NİDA vətəndaş hərəkatının təşəbbüsü ilə martın 10-da saat 15:00-da Bakıda etiraz aksiyası təyin olunub.

Aksiya ilə bağlı gənclər meriyaya müraciət də ediblər, ancaq bununla yanaşı onu da bəyan ediblər ki, meriya icazə verməyəcəyi halda belə aksiya keçiriləcək. Açığı Bakı şəhər icra hakimiyyətinin aksiyanın keçiriləcəyinə icazə verəcəyini düşünmürəm, gənclər də sözsüz ki, aksiyanı keçirməyə cəhd edəcəklər.

Məncə bu dəfə polis, yanvarın 12-də olduğu kimi o qədər də yumuşaq davranmayacaq, çünki hakimiyyətin qərarı belədir.
Source : Islamtimes
Related Stories
Comment