0
Sunday 19 December 2010 - 10:32

Oğrunun başı yox, əli kəsilir

Story Code : 47318
Oğrunun başı yox, əli kəsilir
Oğrunun başı yox, əli kəsilir
Klan dövləti

Dünyamız hadisələrlə gözəldir. Tarixin ən qanlı və şanlı hadisəsi Kərbəla qətliamından sonra İmam Hüseynin (ə) bacısı Xanım Zeynəb (ə) qanlı səhnəyə baxıb “yalnız gözəllik görürəm” - buyurur. Bu bir bölşevik, imperialist və ya vampir münasibəti deyil. Xanım Zeynəb əsarət zəncirlərini qıraraq şəhadətə çatanların qanlı cəsədləri sıralanmış səhnəni gözəl adlandırır.
Bəli, ibrət baxımından bütün hadisələr gözəldir. Amma bütün hadisələrdə də Hüseyn və Hüseyn tərəfdarları, Yezid və Yezid tərəfdarları, eləcə də İnsan adı daşıyan tamaşaçı adamlar var.
Pis ya yaxşı, Azərbaycan Dövləti adlanan bir şey var və bu dövlət dünya mənafeyi ətrafında birləşənlərin dövlətidir. Bu dövlətin sükanı arxasında dayananlar, onun motorxanasında çalışanları bir məslək birləşdirir: gözəl, varlı, yağ içində yaşamaq və ya ümumiyyətlə yaşamaq. Çünki bəzən sıravi əsgər, serjant polis və ya nazirliyin qapıçısı Xalqın üstünə üzünü elə bozardır ki, bu dövlətin təkcə oliqarxlardan ibarət olmadığını görürsən. Bəli, bu dövlətdəkilərin bir neçəsi milyardlar, neçə yüzü milyonlar, neçə mini rahatçılıq, neçə milyonu bir qarın çörək üçün “”Bizim dövlət” deyir.

İslama qarşı layihənin bir maddəsi: Hicaba qadağa!

Nə baş verib? Təhsil naziri Misir Mərdanov ANS televiziyasına müsahibəsində bildirib ki, "Təhsil haqqında qanunda belə bir bənd var. Məktəblilər məktəbə müəyyən olunmuş formada gəlməlidir. Məktəblərə qızlar başıbağlı şəkildə getməməlidirlər". Təhsil nazirinin bu çıxşı ölkə dindarları və ictimaiyyətinin bərk qəzəbinə səbəb olub. Hiddətlər Misir Mərdanova yönəlib. Bəzi müşahidəçilər “Misir Mərdanovluq nə var ki”, deyə layihənin prezident administrasiyası tərəfindən icra edildiyini bildirirlər. Amma…
Hər şeyi, elə siyasəti də İslamdan öyrənmək lazımdır. Məsələn, oğrunun başı yox, əli kəsilir. Sual oluna bilər ki, əli başqasının cibinə aparan baş olubsa, nə üçün əl kəsilir? Əvvəla, tövbə edən də başdır və o qalmalıdır ki, günahlarını yusun! Hazırkı məqamda “əl” Mərdanovdur. Əllər olmasa başın planları elə plan olaraq qalacaq. Heydər Əliyev uzun fasilədən sonra Ali Sovetdə tribunaya çıxanda deputatlar ayaqlarını yerə döyürdülər. Həmin baş həmin ayaqları isti suya qoyub buxov taxdı. Qısası bu gün dövləti reallaşdıran Misir Mərdanovlardır və bu əllər, ayaqlar olmasa baş büt başından seçilməz.
Bəli, dini kəsimin hicabla bağlı siyasəti düzgündür. Dinə qarşı istənilən addım üçün yuxarıdan göstəriş var. Əsil din insanı Şeyxi qabağa verib yalvarmır ki, amandı, Padşah, bizi balalarının başına çevir, qoyma məscidi söksünlər, azanı kəssinlər, hicabı yığışdırsınlar. Padşah da dindarın simasında Allaha minnət qoyub, tazı-tulasını geri çəksin – kişinin heç xəbəri yox imiş ki, Allahın dinini ayaq altına alıblar!
Əsil dindar Allahı Padşahdan, Mərdanov kimi əl-ayaqlardan xəcalətli etmir. Deyirsən məcsidləri uçuracağam, azanı kəsəcəyəm, hicaba qadağa qoyacağam, əvvəla, yazıqsan, belə iş görmə! Allah atanı yandırar! İkincisi, geri çəkilən kişi deyil! Bizi, as, öldür, yandır bu yolda! Biz Hüseyn yolunu gedənlərik!..

Klana yad fikirlərə rəsmi münasibət

Daxili İşlər Nazirliyi (DİN) Təhsil Nazirliyinin qarşısında keçirilən aksiya ilə bağlı məlumat açıqladı. Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov APA-ya açıqlamasında bildirdi ki, Təhsil Nazirliyinin inzibati binası nəqliyyatın və piyadaların intensiv hərəkət etdiyi ünvanda yerləşir və belə bir yerdə hər hansı kütləvi aksiyanın keçirilməsi yolverilməzdir: “İctimai asayişin pozulmasına yönələn belə bir tədbirin keçirilməzi arzuolunmazdır. Bu gün bir qrup şəxs Təhsil Nazirliyinin qarşısında şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərib. Qanunsuz aksiyaya cəhdin qarşısı dərhal Nərimanov rayon Polis İdarəsi əməkdaşları tərəfindən alınıb. Polis əməkdaşlarının apardığı profilaktiki söhbətlərdən sonra aksiya iştirakçıları dağılıb”.
E. Zahidov, həmçinin bir qrup aksiya iştirakçısının polisə müqavimət göstərdiyini qeyd edib: “Onların bəziləri polisin qanuni tələblərinə məhəl qoymadan müqavimət göstəriblər. Həmin şəxslərdən on altı nəfər polis bölməsinə gətirilib. Onlardan beşi xəbərdarlıq edilərək sərbəst buraxılıb. On bir nəfərin barəsində isə toplanmış materiallar barələrində tədbir görülməsi üçün rayon məhkəməsinə göndərilib”.
Əgər Zahidov Spiderman deyilsə, o da vəzifə pilləsinə hamı kimi, klan qaydaları əsasında dostluq, tanışlıq, qohumluq, rüşvət, şəxsi sədaqət, ən ucuzu yaltaqlıq sayəsində yüksəlib. Bu sözlərdən qızan Kişilərə “yalançının…” deməkdən başqa yolumuz yoxdur.

10 dekabrda Təhsil Nazirliyi adlanan korrupsioner qrumun qarşısında nə baş verib?

Təhsil Nazirliyinin binası qarşısında “Hicaba azadlıq!” şüarı ilə aksiya keçirilib. Klan mənbəsi APA-nın xəbərinə görə, aksiyada Bakı və Azərbaycanın rayonlarından olan orta məktəb şagirdləri, onların valideynləri də iştirak edib. Aksiya iştirakçıları keçmiş “Qarabağ” mehmanxanasının qarşısından Təhsil Nazirliyinin binasına kimi yürüş ediblər. Aksiyada “Hicaba azadlıq!”, “Allahu-Əkbər!” şüarları səsləndirilib. İştirakçılar Təhsil Nazirliyinin rəhbərliyi ilə görüşmək tələbini irəli sürüblər. Aksiyaçılar Təhsil Nazirliyinin qarşısından keçən yolda nəqliyyatın hərəkətini məhdudlaşdırıblar.
Bəs İslam yönlü mənbələr nə deyir? İslam-Azeri.az internet qəzetinin xüsusi müxbirinin hadisə yerindən verdiyi xəbərə görə, 2 min müsəlmanın qatıldığı aksiyada hicablı şagirdlər, xanımlar və inanclılar iştirak edirlər.Toplaşanlar "Hicaba azadlıq!" və digər şuarları səsləndirirlər. Təhsil Nazirliyinin qarşısına çox sayda polis qüvvələri cəlb edilib. Aksiya iştirakçılarının bir neçəsi həbs edilib.
11.18. Aksiya iştirakçılarının təhsil naziri Misir Mərdanovla görüşmək tələbinə qarşı tərəf rədd cavabı verib. Polis isə aksiya iştirakçılarının həbslərini davam etdirir. Tədbirdə təqribən 2000 nəfər iştirak edir.
11.30. Etiraz aksiyası davam edir. Təqribən 100 nəfər həbs edilib. Onların böyük əksəriyyəti 18-ci polis bölməsinə aparılıblar.
12.10. Etiraz aksiyası artıq başa çatıb. Təhsil Nazirliyinin nümayəndəsi bildirib ki, hicab qadağasına etiraz edənlərin nümayəndələri nazirlik rəsmiləri tərəfindən qəbul ediləcəklər. Həbs olunanlar isə polis bölmələrində saxlanılmaqdadır.
Başqa bir mənbə: "FaktXəbər"-in verdiyi məlumata görə, Azərbaycan Təhsil Nazirliyinin qarşısında mitinq keçirilib. Təhsil Nazirliyinin orta məktəblərdə hicabla bağlı verdiyi qərara etiraz edən dindarlar, bu qərarın ləğv edilməsini tələb ediblər. Sayları təxminən 2 minə yaxın olan nümayişçilər, hicablı şagirdlərin orta məktəblərə buraxılmaması ilə bağlı çıxış edən nazir Misir Mərdanovu sərt tənqid ediblər. FaktXeber.com-un hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, Təhsil Nazirliyinin qarşısında keçirilən mitinq zamanı nümayişçilər "Misir Mərdanov kafirdir", "İslamofobiyaya son qoyulsun", "Hicab bizim namusumuz, Təhsil bizim haqqımız" şüarları səsləndirərək, təhsil ocaqlarında hicablı şagirdlərə qarşı olunan qanunsuzluğu pisləyiblər.
Etiraz aksiyası zamanı Təhsil Nazirliyinin qarşısına Nərimanov rayon polis şöbəsini əməkdaşları, Çevik Polis Alayı və mülki geyimdə olan təhlükəsizlik orqanının əməkdaşları cəlb olunmuşdu. Mitinq zamanı nümayişçiləri bir neçə dəfə dağıtmaq istəyən polis qüvvələri, istəyinə nail olmayıb. Polis əməkdaşlarının nümayişçilərə müdaxiləsi zamanı gözyaşardıcı qazdan da istifadə olunub. Sonda Təhsil Naziliyinin binasına daxil olan etirazçıların nümayəndləri, oranı tərk etdikdən sonra, mitinq iştirakçıları da ərazini tərk edib.

Ölkə boyu gərginlik yaşanır

Dekabrın 15-də Masallıda təxminən 100 nəfər dindar əllərində dini bayraqlar “Ya, Hüseyn!” şüarı səsləndirərək orta məktəblərdə hicaba qoyulan qadağaya etiraz aksiyası keçirib. “Cənub xəbərləri” qəzetinin baş redaktoru Zahir Əmənovun hadisə yerindən “Azadlıq” radiosuna verdiyi məlumata görə, polis aksiyaçıların qarşısını kəssə də, onlar Heydər Əliyev prospekti ilə Masallı Rayon Təhsil Şöbəsinə tərəf irəliləyiblər. Burada polis onlara daha ciddi müqavimət göstərib. Zahir Əmənova da fiziki təzyiq göstərilib, fotoaparatını alıblar.
Polis dəstəni yoldan çıxarandan sonra aksiyaçılar səki ilə irəliləyiblər. Polislərin piketçilərin üstünə maşın sürdüyü, 2-3 nəfərin yüngül yaralandığı, 4-5 nəfərin isə döyüldüyü bildirilir.
Aksiyanın iştirakçılarından biri Toğrul Məhərrəmov “Azadlıq” radiosuna deyib ki, polis onlara zor tətbiq edib: “Çoxumuzu döydülər. Kameralarımızı, telefonlarımızı əlimizdən alırdılar. Bununla belə, biz yolumuzdan dönmədik, məscidə gəlib qətnaməmizi oxuduq”.
Dindarlar məscidə girəndən sonra polis avtomobilləri məscidi mühasirəyə alıb...
Cəlilabadda Aşura günü Misir Mərdanovun şəkli yandırıldı – Buşun, Salman Rüşdinin, Peresin şəkli kimi! Bu hadisələri rayon maarif şöbəsinin müdiri də izləyib. Ola bilsin ki, Kişinin şəkli yandırılanda gözlərini yumub ki, sonradan ittiham edilməsin. Misirin şəklini yandıranların Misirə əli çatmadı, şəklini yandırdılar. Amma İlham Əliyevin Cəlilabada səfərində onun qarşısında yallı rəqs edən Ədalət adlı varlıq – maarif şöbəsinin müdirinə xalqın əli çatır. Bəli, xalq haqqını aşağıdan yuxarıya tələb etməlidir. Rüşvətxor məmurlara vəzifə ləzzəti haram edilməlidir. Nə üçün müdir olmaqdan ötrü namizədlər anasının əmcəyini kəsməyə hazırdır? Demək, ortada nəsə var...
Başqa regionlarda, şəhərlərdə, kəndlərdə də etriaz aksiyaları keçirilib və gərginlik artmaqdadır.
Gürcüstanın Marneuli rayonunda “Əhli- Beyt (ə)” cəmiyyəti, “İmam Əli (ə) məscidinin” və “Gürcüstan ruhanilər icmasının” təşkilatçılığı ilə Tasua yürüşü təşgil olunub.
İslam-Azeri.az İnternet Qəzetinə Gürcüstandan verilən məlumata görə, yürüşdə Gürcüstanın müxtəlif bölgələrindən Tbilisi, Qardabani, Rustavi, Bolnisi, Dmanisi və Marneulinin bütün bölgələrindən çox sayda inanclı müsəlmanlar qatılmışdır.
Yürüş iştirakçıları “Əhli- Beyt (ə)” cəmiyyətinin ofisi önündə toplaşaraq İmam Əli (ə) məscidinə qədər piyada getiblər. Yol boyu mərsiyələr səsləndirilibdir.
Yürüş zamanı Azərbaycanda hicaba olunan qadağa pislənib.
Nümayişdə iştirakçılar əllərində “Hicab qeyrət və namus rəmzidir” şüarı yazılmış plakatlar tutmuşdurlar.
İştirakçılar yürüş boyunca hicabı qadağa edənlərin əleyhinə şüarlar səsləndirərək, onları lənətləyiblər.


Böyük müjdə


Azərbaycanda müxalifətin fərsizliyinin əsas səbəbi pərakəndəlik, mənəm-mənəmlik oldu. Bu hal dindarlar üçün gözəl dərsdir. Hicab Aksiyasının ardınca bəlkə də müasir Azərbaycan tarixində dindarlar ilk dəfə ən ölçülü addımı atdılar. Aksiyadan dərhal sonra...
Ölkənin dini kəsiminin əksəriyyətini təmsil edən bir qrup ilahiyyatçı inanclı topluma müraciət etdi. Müraciət:
“Əziz bacı və qardaşlar!
Məhərrəm ayının ongünlüyünü yaşayırıq. Tasua-Aşura ərəfəsindəyik. Bu günlərin müqəddəsliyi və hər bir Azərbaycan insanı üçün önəmliliyi hər kəsə aydındır. Bu müqəddəs duyğular tarixin qanlı-qadalı imtahanlarından keçib. Hətta Sovetin ən ağır günlərində də xalqımız bu günləri bir ümumxalq hüzn dönəmi olaraq keçirmişdir.
Çox böyük əfsuslar olsun ki, bu günlərdə anlaşılmayan, çoxlu sayda suallar doğuran hadisələr baş verməkdədir. Biz bunun şahidiyik ki, hansısa islamofobik qüvvələr bu həssas günlərdə dəfələrlə cəmiyyətin inanclı kəsimi üçün ən müqəddəs, ən heysiyyat tutumlu mövzulara toxunurlar. Bu həssas dönəmdə hicab mövzusu artıq müəyyən məmurların seçdiyi bir hədəfə çevrilib və bu mövzu ətrafında süni və məqsədyönlü ajiotajın yaradılması aşkar sezilir. Son günlərdə ardıcıl surətdə məktəblərdə hicab mövzusu ilə bağlı əsassız çıxışların edilməsi, bunun qıcıq yaradacaq formada edilməsi və bu çıxışların artıq bəzi telekanallar tərəfindən də geniş tirajlanması onu göstərir ki, inanclı insanların təxribatlara çəkilməsi ilə bağlı ciddi proses gedir. Kimlərsə Tasua-Aşura günlərində dəyərli inanclıları təxribatlara çəkməklə bağlı məqsədyönlü addımlar atır, inanclıların müqəddəs duyğularının təbii təzahürlərindən sui-istifadə edərək, dini etiqad azadlığı ilə bağlı köklü pisləşməyə rəvac vermək istəyirlər. Məsələnin təhlili göstərir ki, geniş və fundamental bir təxribat yönündə işlər gedir.
Bütün bunları nəzərə alaraq, Uca Allah qarşısında, toplum qarşısında məsuliyyətimizi dərk edərək, biz heç də sadə olmayan bir çağırışla bütün inanclı kəsimə müraciət etməyi qərarlaşdıq. Siz əziz inanclılara müraciət edirik və çağırış edirik ki, Tasua-Aşura günlərində təxribatlara imkan verməmək üçün hicabla bağlı hər hansı formada etiraz aksiyası keçirilməsin.
Əzizlərimiz, təxribatlara imkan yaratmamaq üçün Tasua-Aşura günlərində hicab mövzusu ilə bağlı hər hansı küçə aksiyasında iştirak etməyiniz. Bu, bizim ümumi məsuliyyətimizdir. Bəsirətlilik, geniş nəzərlilik tələb edir ki, hər vəziyyətə uyğun müvafiq qərarlar qəbul edilsin.
Hicab – namaz kimi, oruc kimi dini vacibatdır, Allah Təalanın buyuruşudur. Bu məsələdə mövqe birmənalıdır və heç bir halda bu məsələdə digər fikir ola bilməz. Bu, Konstitusiyamızla, qanunlarla inanclılara verilən vicdan azadlığının ayrılmaz tərkib hissəsidir. Bəzi məmurların nə deməsindən asılı olmayaraq, dövlətimiz inanclıların bu hüququnu tanımışdır və hazırda bu hüququ təftiş etmək – insan haqlarını məhdudlaşdırmaq cəhdindən başqa bir şey deyildir.
Hicabla bağlı həyata keçirilən müdafiə tədbirləri bundan sonra daha da sistemli, daha da köklü, daha da fundamental surətdə həyata keçiriləcəkdir. Məsələnin tamamilə çözülməsi istiqamətində mövcud qanunlar çərçivəsində mümkün olan bütün addımlar atılacaqdır.
Bu ağır durumda biz bir daha Qafqaz Müsəlmanları İdarəsinin sədri cənab Hacı Allahşükür Paşazadəyə müraciət edirik. Biz onun bu məsələdə daşıdığı tarixi məsuliyyətə diqqət çəkirik və əlində olan bütün səlahiyyət imkanlarından istifadə edərək, ölkə rəhbərliyini problemin mahiyyəti barədə məlumatlandırması üçün, habelə bu problemin Azərbaycan dövlətçiliyinə, Azərbaycanın milli-mənəvi dəyərlərinə təhlükə kəsb etməsini, Azərbaycan toplumunun bütövlüyünə yönəli dağıdıcı xarakter daşımasını ölkə rəhbərliyinin diqqətinə çatdırması üçün ona müraciət edirik. Biz, məsələnin çözülməsi üçün əlindən gələn bütün işləri təcili yerinə yetirmək üçün Hacı Allahşükür Paşazadəyə bir daha müraciət ünvanlayırıq.
Sonda bir daha hər birimiz üçün Uca Allahdan xüsusi tofiqatlar diləyirik. Allahdan istəyirik ki, əsrlər boyunca xalqımızın ülvi hisslərini formalaşdıran Tasua-Aşuranın hörmətinin, müqəddəsliyinin salınması istiqamətində edilən təxribatlardan hamımızı amanda saxlasın və bu müşküllərdən bəsirətliliklə, dinimizin bəyəndiyi şəkildə çıxmağı nəsib etsin.

Hacı İlqar İbrahimoğlu
Hacı Şahin Həsənli
Hacı Əhliman Rüstəmov
Hacı Yüsif Bağırov
Hacı Zülfüqar Mikayılzadə
Hacı Abgül Süleymanov
Hacı İqbal Novruzov
Hacı Ceyhun Cəfərov
Hacı Elşən Mustafaoğlu
Hacı Mir Mehdi Hüseyni
Hacı Bəxtiyar Hüseynov
* * *

...Halal olsun! İblisin belini belə qırarlar. Sükanı möhkəm saxla!

Ölkə xaricindən baxış

"Human Rights Watch": "Beynəlxalq insan haqları təşkilatları hicaba qarşı olan məhdudiyyətləri tənqid edir. BMT-nin uşaq hüquqları üzrə komitəsi məktəblərdəki hicab qadağası ilə bağlı narahatlığını ifadə etmişdir"
Ölkə Konstitusiyasında və “Təhsil haqqında” qanunda hicabla bağlı heç bir qadağa yoxdur, bəzi direktorlar hicablı şagirdlərə qeyri-hüquqi məhdudiyyət tətbiq edərək, onları dərsə buraxmır.
Dünyanın əksər ölkələrində dini etiqadına uyğun zahiri görkəmdə olmaq həm qanunvericilik səviyyəsində, həm də praktik həyatda dəqiq surətdə təmin edilir. Bununla əlaqədar dünyanın məşhur məktəbləri ilə əlaqə yaratmışdıq. Dünya nüfuzlu “Oxford” Universiteti, “Thomas Deacon Academy”, “King Edward’s School”, “Wimbledon”, “Mortensrud”, "Hersleb", "Sandaker", "Hedayah Akademiyası" məktəbləri, bundan başqa Massaçusets ştatının 1934 məktəbi və Birmingem məktəbləri "Deyerler.org"-a açıqlamasında onlarda hicab qadağası olmadığını demişdi.
İnsan haqlarının müdafiəsi sahəsində bir nömrəli təşkialtlardan hesab edilən "Human Rights Watch" Deyerler-in sorğusunu cavablandırıb. Təşkilatın Avropa və Orta Asiya Bölməsinin Cənubi Qafqaz üzrə tədqiqatçısı Qeorqi Qoqianın göndərdiyi cavabı dəyərəli oxucularımızın diqqətinə çatdırıq.
"Biz məktəblərdə hicablı şagirdlərə heç bir qanuni əsası olmadan qadağalar tətbiq edilməsindən narahatıq. Sizin suallarınızı beynəlxalq insan haqları və təşkilatımız -"Human Rights Watch"-un dini geyim və simvollar haqqındakı mövqeyi nəzərindən çıxış edərək cavablandıra bilərəm.
İnsan haqları dinin azadlığına hüquqi zəmanət verir. Hər kəs fərdi həyatda və cəmiyyət içində qanun çərçivəsində öz dinini öyrənə, öyrədə və nümayiş etdirə bilər.
Beynəlxalq insan haqları standartları dövlətlərdən tələb edir ki, hər bir vətəndaşına şəxsi həyatlarını seçməkdə müstəqillik versin.
Dövlətlər bərabərliyə, qeyri-diskriminasiyaya, xüsusilə də dininə və cinsinə görə heç bir ayrı-seçkiliyə yol verməməlidirlər.
Birləşmiş Millətlər Təşkilatı İnsan Hüquqları Komitəsi müəyyən edib ki, dini simvollar, geyim və başörtüsü dinin ifadə formasıdır və ibadət konsepsiyasına daxildir.
Beynəlxalq insan haqları təşkilatları baş örtüsünə və hicaba qarşı olan məhdudiyyətləri tənqid edir.
Avropa Şurasının İnsan Haqları üzrə komissiyasının üzvi Tomas Hammarberq burqa və niqaba qarşı olan ümumi qadağanı "şəxsi həyata müdaxilə" kimi qiymətləndirərək, vurğulamışdır ki, heç kəs dini ifadə hüquququna görə diskriminasiya edilməməlidir.
Avropa Şurası və onun Parlament Assambleyasının baş katibi də həmçinin belə qadağalara qarşı çıxır.
BMT-nin uşaq hüquqları üzrə komitəsi məktəblərdəki hicab qadağasının uşağın həvəs göstərdikləri ülvi maraqlarına və təhsil hüququna etinasız yanaşılması ilə bağlı narahatlığını ifadə etmişdir.

Klan qorxu içində


“Dubinkalı”, dəbilqəli və xüsusi mühafizə geyimində olan polislər Təhsil Nazirliyini dörd tərəfdən nəzarətə alıb. İçərisi polislərlə dolu olan avtobuslar nazirliyin ətrafını mühasirədə saxlayır. Bu ajiotaj nəyə hesablanıb? Polis nazirliyi kimdən qoruyur? Əsassız olaraq xüsusi hazırlıqlar nədən nümayiş olunmalıdır?

Amma…

Suallar da var. Klan dindar kəsimi parçalamaq istiqamətində bir iş görə bilirmi? Hadisədən sonra "Məşhədi Dadaş" məscidində Cümə namazına gələnlərin əksəriyyəti namaz qıla bilməyib. Buna səbəb məscidin dini icması və müvafiq qurumların birgə əldə etdiyi razılıq olub. Bir qədər anlaşılmazdır. Məscidinin imam camaatı Hacı Şahin Həsənli xütbədən əvvəl bildirib ki, bu həssas günlərdə məscidin qarşısındakı həyətdə namaz qılınmayacaq. Hacı Şahin Həsənli gələn həftə məscidin qarşısınakı həyətdə namaz qılınacağına ümidvar olduğunu dilə gətirib. Hacı Şahin sayılıb-seçilən, ağıllı-tədbirli bir insandır. Amma kimsə aldanışdan, yanlış addımdan sığortalanmayıb. Məşədi Dadaşda cümə namazanın bir qədər də əzəmətlə keçiriləcəyi gözləndiyi bir vaxtda…

Öyrənmək heç halda pis deyil!

Klan Nurçulara qarşı da kampaniya keçirdi. Amma artıq özü də əridiyi bir sistemi kökündən qopara bilmir. Şiə kəsiminsə durumu çox fərqlidir. Azərbaycan dindarlığı təcrübəsiz, kövrək, elm və etiqad baxımından növrəstədir. Qoca qurdlar üçün onu aldatmaq, oyuna salmaq, puça çıxarmaq çətin deyil. Amma bir ümid yerimiz var: əgər şöhrət, dünya malı, birincilik məqsədimiz olmasa, Allahın qüdrəti ilə qış sarayları, ağ evlər, tülkü yuvalarını fəth edəsiyik. İnşaəllah!

Babək Təbrizli (HaqqYolu üçün)
Related Stories
Comment