0
Tuesday 18 January 2011 - 09:25

Oğrunun doğru ağrısı

Story Code : 50948
Oğrunun doğru ağrısı
Oğrunun doğru ağrısı
3 gün öncə mətbuatda məşhur İslam alimi Ayətullah Cəfər Sübhaninin Azərbaycan prezidentinə müraciəti yayıldı. Detallara varmadan deyə bilərik ki, müraciətdə cənab Sübhani ölkə başçısını təhsil müəssisələrində hicaba qoyulan qadağanı ləğv etməyə çağırırdı. Heç bir qəzəb və hədə tonu olmadan. Üstəlik, məktubda onu da xatırladırdı ki, bir qədər əvvəl Azərbaycan prezidentinə Bakıda məscid sökülməsinin qarşısını aldığı üçün təşəkkür edib. Yəni tamamilə müsbət tonlu bir məktub.

Ancaq gözlənildiyi kimi, Ayətullah Sübhaninin bu müraciəti Azərbaycanda top-tüfənglə qarşılandı. Ötən gün “Yeni Müsavat”a açıqlama verən deputat Fəzail Ağamalı Cəfər Sübhaniyə Azərbaycanın daxili işinə qarışmamağı məsləhət görüb. Sitat: “İran və onun ayrı-ayrı şəxsləri yaxşı olar ki, öz ölkələrinin daxili işləri ilə məşğul olsunlar. Azərbaycan dünyəvi, konstitusiya və qanunlarla idarə olunan ölkədir. Düşünürəm ki, bu gün Azərbaycanı İslam adət-ənənələri ilə idarə etməyə çalışan ayətullahlar bu addımları ilə müəyyən normalardan kənara çıxırlar”.
İslam aliminə daha bir hədə bəyanatı DUİ Sədrlər Şurasından gəlib. Müxalifətçilər İran dövlətin rəsmilərinin (!?) Azərbaycan dövləti əleyhinə bəyanatlar verməsinə, hədə xarakterli açıqlamalarla çıxış edilməsinə etirazını bildirib. Qonşu dövlətin hakim rejimini Azərbaycanın daxili işlərinə qarışmamağa, Azərbaycan iqtidarını isə müvafiq tədbirlər görməyə çağırıblar. Yenə də növbətçi çıxışlar.
Yuxarıda qeyd olunanlar və qeyd etməyə lüzum görmədiyimiz başqa bu tip iddialar onsuz da gərgin olan situasiyanın bir qədər də dərinləşməsinə səbəb olur. Azərbaycanda ötən ilin sonlarında hicab təhsil müəssisələrində faktiki olaraq qadağan edilib və çox çəkmədən ölkə boyunca dindarların ciddi etirazlarına səbəb olub. İlin əvvəlində isə Azərbaycan İslam Partiyasının sədri hakimiyyəti sərt şəkildə tənqid etdikdən az sonra saxlanılıb. İndi vəziyyət böyüyüb və hicabla həbslər eyni prosesə çevrilib.
Məsələnin ən pis tərəfi odur ki, dindar Azərbaycan vətəndaşlarının haqları pozulanda, yəni hicab qadağan olunanda və minlərlə şagird təhsildən məhrum ediləndə bir çoxları səslərini çıxarmadı. Əksinə, ortaya çıxıb hicabın milli kimliyimizə yad olması ilə bağlı fikir bildirənlər oldu.
Digər tərəfdən, İslam hansısa ölkənin inhisarında olan ideologiya deyil. Allahın dini nə qədər ərəbə aiddirsə, o qədər də türkə, farsa, başqa millətlərə aiddir. Bu mənada hansısa ölkədə Azərbaycandakı hicab qadağasına etiraz edirlərsə, bu inanc məsələsindən doğan həyəcandır, nəinki daxili işə qarışmaq. Necə ki, biz Avropa ölkələrində baş verən İslamla bağlı qadağalara etiraz edirik, eyni münasibəti özümüzə qarşı da görməliyik. Ona qalsa, İran daha əvvəllər Azərbaycanın daxili işlərinə real olaraq qarışanda, bir çoxları səslərini içlərinə salmışdılar.
Və nəhayət, Ayətullah Cəfər Sübhaninin müraciətinə gəldikdə, bir müsəlman ruhanisinin müsəlman ölkəsində dinin əsaslarına daxil olan hicabın qadağan edilməsinə münasibət bildirməsi normaldır. Üstəlik, Ayətullah Sübhani İranın dövlət rəsmisi deyil, nüfuzlu alimdir.
Ən əsası da, Ayətullah Cəfər Sübhani Azərbaycan türküdür. Nə qədər İslam alimi, müctəhid kimi tanınsa da, cənab Sübhani tərtəmiz azərbaycanlıdır, Təbrizdəndir. Yəni həm də bizim həmvətənimizdir, soydaşımızdır. Ölkə prezidentinin də yeni il çıxışında dediyi kimi, bütün dünyaya səpələnmiş milyonlarla azərbaycanlıdan biridir. Özü də onların nüfuzlularından biridir. Bir azərbaycanlının öz ölkəsi hesab olunan məmləkətin prezidentinə müraciət etməsinin nəyi pisdir ki...

Source : HaqqYolu
Related Stories
Comment