0
Wednesday 28 October 2009 - 22:20

TÜRKIYƏ ILƏ AZƏRBAYCANIN ARASINI AMERIKA VURUR

Story Code : 14049
TÜRKIYƏ ILƏ AZƏRBAYCANIN ARASINI AMERIKA VURUR
Azərbaycanın İstanbuldakı baş konsulu Səyyad Aran İzmirdə keçirdiyi mətbuat konfransında bildirib ki, Bakıdakı türk əsgərlərinin məzarı üzərindən endirilmiş Türkiyə bayraqları yenidən qaldırılacaq.Aran həmin bayraqların Türkiyəyə qarşı etiraz olaraq deyil, ərazidə aparılan təmir işləri ilə bağlı endirildiyini deyib: “Orada cəmi 12 bayraq vardı, 6-sı Azərbaycan, 6-sı Türkiyə bayraqları idi. İndi restavrasiya işləri ilə bağlı bayraqların hamısı endirilib, tək Türkiyə bayraqları endirilməyib. 
Bu məsələdən iki ölkə arasında münasibətləri korlamaq istəyən qüvvələrin istifadə etməsinə yol verilməyəcək, bayraqlar tezliklə əvvəlki yerlərində dalğalanacaq”. 

Keçmiş yazar olan diplomat deyib ki, Azərbaycanla Türkiyə arasında qardaşlıq bağlarının qopmasına imkan verilməyəcək, xırda-para problemlər isə hər iki tərəfin ortaq səyləri ilə aradan qaldırılacaq. 
Səyyad Aran Azərbaycanla Türkiyənin arasını pozmağa çalışan qüvvələrin olduğunu da deyib. Onun sözlərinə görə, bu işin arxasında Amerika dayanır: “Türkiyə ilə Azərbaycanın güclənməsini istəməyən qüvvələr onların arasına nifaq salmağa cəhd edir. Buna imkan verilməməlidir”. 

Azərbaycanın İstanbuldakı konsulunun bu təsbiti kifayət qədər ilginc görünür. Çünki indiyədək Türkiyədə belə iddialar səslənirdi ki, Ankara ilə Bakının münasibətlərini korlamaq istəyənlər Rusiyaya bağlı qüvvələrdir. 
Məqsəd isə Azərbaycanı Rusiyaya daha çox yaxınlaşdırmaqdır. İndi isə Azərbaycan diplomatı Ankara ilə Bakının arasını vurmaq cəhdinə görə ABŞ-ı günahlandırır. Əslində ABŞ Türkiyənin Ermənistanla yaxınlaşmasına və sərhədlərin açılmasına çalışan əsas qüvvədir. 
Məhz Vaşinqton israr edir ki, Türkiyə Ermənistanla münasibətlər qurmaq üçün Qarabağ şərtindən əl çəksin. Bu səbəbdən ABŞ-ın Azərbaycanla Türkiyənin münasibətlərini dolayısıyla korlayan ölkə olması barədə fikirlər əsassız deyil, ancaq ilginc olanı odur ki, bu təsbitlə Azərbaycanın diplomatik post tutan rəsmisi çıxış edir. 

Səyyad Arandan fərqli olaraq Türkiyə baş nazirinin müavini Bülənt Arınç hesab edir ki, Bakı ilə Ankara arasında münasibətlərin gərginləşməsində maraqlı olan Azərbaycandakı Rusiyaya bağlı qüvvələrdir: “Azərbaycanla Türkiyənin münasibətlərində çətinliklər yaratmaq istəyənlər var. Belə lobbinin Azərbaycanda fəaliyyət göstərdiyindən xəbərimiz var”. 
Hökumətin İclasından sonra jurnalistlərin suallarına cavab verən B. Arınç son hadisələrə Azərbaycanın göstərdiyi reaksiyadan kədərləndiyini bildirib və bəyan edib ki, heç kim Türkiyənin səmimiyyətinə şübhə ilə yanaşmamalıdır: “Azərbaycanı Rusiyaya daha çox yaxınlaşdırmaq və Türkiyədən ayırmaq istəyən bəzi qüvvələrin olduğunu hamı bilir. Amma buna baxmayaraq, Heydər Əliyevin oğlu və xələfi İlham Əliyevin Türkiyə ilə münasibətlərdə daha diqqətli olacağına inanıram”. 

Bundan başqa, Bülənt Arınç rəsmi Ankaranın Azərbaycan maraqlarını diqqətə aldığını, ancaq Türkiyə müxalifətinin bu mövzudan sui-istifadə etdiyini bildirib: “Çox təəssüf ki, bizim müxalifət bu mövzunu lazım olduğundan çox istismar edir. Hər şeyi bildikləri halda Azərbaycan vasitəsilə hökumətimizə hücum edirlər”. B.Arınç “Azərbaycan neqativ rəftarlara davam edərsə, bunun məsuliyyəti bizə aid olmayacaq” deyə vurğulayıb. 

Türkiyə hökumətinin Ermənistanla münasibətlər qurmasını tənqid edənlərə keçmiş baş nazir Məsud Yılmaz da qoşulub. Yılmaz deyib ki, baş verənlər hökumətin Ermənistanla münasibətlər qurulmasına yönələn proseslə bağlı Azərbaycanı kifayət qədər məlumatlandırmadığı və inandıra bilmədiyini göstərir: “Türkiyə dünyadakı ən yaxın müttəfiqini itirmək təhlükəsi qarşısında qalıb. Mən narahatam ki, bu təhlükə hökumətin yol verdiyi səhvlər nəticəsində daha da artacaq”. 

Xatırladaq ki, Türkiyənin keçmiş dövlət və hökumət rəhbərlərinin, habelə silahlı qüvvələrin keçmiş komandanlarının daxil olduğu “Əncüməni Danış” adlı düşüncə qrupu da ötən həftə apardığı müzakirələrdən sonra AKP hökumətinin “erməni açılımı”nın səhv addım olduğunu bildirmişdi. Türkiyə iqtidarına bağlı media bu qrupu “Dərin Dövlət”in düşüncə mərkəzi kimi qələmə verir.
Source : Faktxəbər.com
Related Stories
Comment