0
Friday 13 August 2010 - 04:53

Azərbaycan üçün qorxulu mesaj

Story Code : 33969
Azərbaycan üçün qorxulu mesaj
Azərbaycan üçün qorxulu mesaj
“Obama administrasiyası postsovet ölkələri ilə bağlı siyasətinə dəyişiklik etməlidir. Necə ki, Rusiya ”zəif güc" “silah dili” qədər təsiredici ola bilməz" prinsipindən istifadə edir". Bu fikirlər ABŞ-ın “Heritage Foundation”ın böyük elmi əməkdaşı və xarici siyasət məsələləri ilə bağlı araşdırmaçısı Ariel Koenin “The Wall Street Journal” qəzetində çap olunmuş məqaləsində yer alır – Azadlıq.info yazır.
Onun fikrincə, ABŞ prezidenti yenidən Vaşinqton-Moskva münasibətlərinin inkişaf etdirilməsi bəyanatlarını nəzərdən keçirməlidir: “Rusiya prezidenti Dmitri Medvedev qısa zaman öncə Avrasiya məkanını Kremlin eksklüziv maraqları olduğu bölgə adlandırdı. Bunun üçün də Moskva uğurlar qazanmaqdan ötrü maksimum imkanlardan istifadə etməklə bütün variantlara əl atacaq”.
Ekspert hesab edir ki, rəsmi Moskva istədiyinə nail olmaq üçün diplomatlardan istifadə etməklə region ölkələrinə silah satacaq. Həmin dövlətlərin ərazisində hərbi bazalar inşa etdirəcək və mövcud rejimləri təhdid etməkdən belə çəkinməyəcək. Müəllif bunlara misal olaraq Kremlin Qırğızıstanın eks-prezidenti Kurmanbek Bakiyevi devirməsini göstərib.
Gürcüstan-Rusiya konfliktinin ildönümünə toxunan ekspert Abxaziya və Cənubi Osetiyanı Rusiyanın işğal etdiyini təkrarlayıb. Hətta həmin ərazilərdə Kremlin 5 hərbi baza inşa etdirdiyini də xatırladıb.
“Xatırladaq ki, bu ilin aprelində Rusiya birləşmiş hərbi qüvvələrinin Cənubi Osetiya ərazisində bazasının yerləşdirilməsi haqda razılaşma imzalandı. Həmin sənədə görə, Rusiya Federasiyası ”respublikanın" müdafiəsi ilə bağlı bütün məsuliyyəti öz üzərinə götürür. Belə bir sənəd Abxaziya ilə imzalanıb. Ötən ilin sentyabrında Rusiya prezidentinin birbaşa tapşırığı ilə müdafiə naziri Anatoli Serdyukov Abxaziya və Cənubi Osetiyanın hərbi qüvvələrinin rəhbərləri ilə əməkdaşlıq istiqamətində müqavilə imzaladı. Həmin razılaşmaya əsasən, Kremlin Abxaziya ərazisində geniş hərbi infrastrukturlar yaratması, eyni zamanda müştərək hərbi qüvvələr korpusunun təşkil olunması imkanları da yaranmış oldu", - deyə Ariel Koen bildirib.
Müəllif “The Wall Street Journal” qəzetində yazdığı məqaləsində qeyd edir ki, rəsmi Moskva Ermənistan sərhədlərinin qorunması funksiyasının Irəvanla bölüşməsinə çalışır. Bundan əlavə, Gümrüdə yerləşən hərbi bazanın 2049-cu ilə kimi Rusiyaya icarəyə verilməsi nəzərdə tutulur: “Bu, Azərbaycan üçün qorxulu mesajdır”.
Bununla bərabər ekspert onu da vurğulayır ki, Rusiya Gümrüdəki hərbi bazanın hesabına ABŞ və NATO-nun Qafqazda hərbi qüdrətinin artmasına əngəl olacaq. Və Irana qarşı başlana biləcək silahlı hərəkatda Qərbin gücünün yüksəlməsinin qarşısı alınacaq. Ariel Koen onu da əlavə edib ki, Rusiya regionda möhkəmlənmək üçün Ermənistanla bərabər Azərbaycanla da sıcaq əlaqələr qurmaqda daha çox maraqlıdır.
“Kremlin genişlənən antiqərb addımları göstərir ki, Vaşinqton Mərkəzi Asiya və Qafqazla bağlı hərbi-siyasi kursunda genişlənmək və prinsipiallıq mövqeyində qəti qərara gəlməlidir. ABŞ Gürcüstandan əlavə regionun digər ölkələrinin ərazi bütövlüyünə təminat, enerji sahəsində sıx əməkdaşlıq və siyasi idarəetmə istiqamətində səylərini artırmalıdır”, - deyə Ariel Keon qeyd edib.
Related Stories
Comment