0
Wednesday 19 June 2013 - 14:24

“Xalq bu hakimiyyətdən də, Əliyev idarəçiliyindən də bezib”

Story Code : 274952
“Xalq bu hakimiyyətdən də, Əliyev idarəçiliyindən də bezib”
Həsən Kərimov: «Düşünmürəm ki, vahid namizəd elan edilə biləcək şəxsin hazırkı dönəmdə Azərbaycanda olması prinsipial məsələdir»

Seçkilərə dörd ay qaldığı bir zamanda müxalifət partiyalarının seçki hazırlığının hansı səviyyədə olduğu maraq doğurur. Milli Şuranın seçki kampaniyasının ağırlığının orda təmsil olunan partiyaların üzərinə düşəcəyi isə şübhə doğurmur. Milli Şuradakı partiyalardan ölkə üzrə ən təşkilatlanmışı, geniş və dayanıqlı strukturları olanı AXCP-dir. Ona görə AXCP Ali Məclisinin sədri Həsən Kərimovla müsahibəmizə partiyanın seçki hazırlığını dəyərləndirməklə başlamaq qərarına gəldik.

- AXCP olaraq Milli Şuranın vahid namizədinin seçki kampaniyasında iştiraka hazırıq. AXCP 2013-cü ili həm seçkilərə hazırlıq, həm də təşkilatlanma ili elan etmişdi. Bu gün rayon şöbələrində keçirdiyimiz müşavirələrin, sıravi cəbhəçilərlə işin əsas istiqaməti seçkiyə hazırlığa yönəlib. Ona görə Milli Şurada seçki komissiyası yaradıldıqdan sonra AXCP olaraq həmin komissiyanın işində fəal iştirak edəcəyik. Milli Şuranın Azərbaycanın bütün şəhər və kəndlərini əhatə etməsi üçün tam gücümüzlə işləyəcəyik. Eyni zamanda AXCP olaraq dairə və məntəqələrdə müşahidəçilərin, məşvərətçi səs hüquqlu komissiya üzvlərinin müəyyənləşdirilməsi üçün hazırlıq işlərinə başlamışıq. AXCP olaraq Milli Şurada ayrı-ayrı partiyalar olsa da, seçki kampaniyasının əsas gücünün bizim üzərimizə düşəcəyini bilirik. Bu məsuliyyətimizi dərk edirik. Seçki kampaniyasının gedişində partiyamızın gücü görünəcəkdir.

- YAP-ın sonuncu qurultayında Ilham Əliyev müxalifətin ünvanına sərt çağırışlar etdi. Müxalifətçilərə cəmiyyətdə yer olmadığını bəyan etdi. AXCP-nin 10-a yaxın rayon şöbəsində toplantıların keçirilməsinə mane olunub. Insanların şəxsi evlərinə belə müdaxilələr olunub. YAP-ın qurultayında səslənən bəyanatlar müxalifətə qarşı repressiyaların Ilham Əliyevdən gəldiyini deməyə əsas verirmi?
- Mən də dövlət başçısı kimi Ilham Əliyevdən soruşuram: müxalifətin gücü, yerlərdə sosial bazası yoxdursa, niyə müşavirələrin keçirilməsinə icazə vermirsiz? Sizi narahat edən nədir? Yaxşı olar ki, Ilham Əliyev müxalifətin fəaliyyətindən yox, on ildə Azərbaycan xalqının başına açdığı oyundan danışsın. Bu xalq bu hakimiyyətdən, Ilham Əliyev idarəçiliyindən bezib. AXCP-yə yerlərdə isti münasibət, partiya sədri Əli Kərimliyə qarşı insanların səmimi yanaşması hakimiyyəti narahat edir. Hakimiyyət ölkədə baş verənləri idarə etmək əvəzinə, bütün fəaliyyətini AXCP-yə qarşı yönəldir. Ona görə YAP-ın qurultayında Ilham Əliyevin söylədiyi fikirlər AXCP-ni ilgiləndirmir. Xalq gözəl anlayır ki, YAP son iyirmi ildə idarəçilik sistemində korrupsiyaya bulaşmış dəstəni xatırladır. YAP xalqı soymaq, cəmiyyətdə xof yaratmağa yönəlik siyasət yürüdür. Yaxşı olar ki, YAP rəhbərliyi xalq qarşısında hesabat versin. YAP funksionerlərinə müraciət edirəm. Gedək rayonlara və xalqla birlikdə görüş keçirək. Real görüş olarsa, xalq yerlərdəki özbaşınalığa, idarəçilik qüsurlarına, rüşvətxorluğa, məmur fəaliyyətsizliyinə öz sərt münasibətini bildirəcək. YAP rəhbərliyi ilə istənilən debata hazıram. Ilham Əliyevin söylədiyi fikirləri də müzakirə edə bilərik.

“Vahid namizədin vətəndə olması hazırda prinsipial deyil”

- AXCP-nin Milli Şuranan vahid namizədlə bağlı məsələdə tutduğu mövqedən belə anlaşılır ki, partiyanız və onun rəhbəri bu dəfə milli maraqları nəzərə alaraq, dövlətçilik mənafeyin düşünərək, irəli sürülən 2 illik konspesiyaya uyğun olaraq namizədliyini irəli sürməkdən imtina edir. Amma o da məlumdur ki, Əli Kərimli sosial şəbəkələrdə keçirilən bütün rəy sorğularına uyğun olaraq ən şanslı namizəd kimi dəyərləndirilir. AXCP-nin bu mövqeyini partiya üzvləri necə qarşıladı?
- Əlbəttə, partiya üzvləri arasında bu mövqe müəyyən məyusluğa səbəb oldu. Bu gün AXCP-nin gücü, cəmiyyətdəki mövqeyi, partiya sədrinin ən şanslı namizəd kimi dəyərləndirilməsi təsadüfi deyil. Amma Əli Kərimli əvvəlcədən bəyan edib ki, hazırkı rejimin getməsi əvəzinə bütün siyasi iddialarından əl çəkməyə hazırdır. Partiya rəhbərliyi, üzvləri olaraq Əli Kərimlinin mövqeyinə hörmətlə yanaşdıq. Əli Kərimlinin potensialı, cəmiyyətdəki nüfuzu hamıya məlumdur. Biz də hesab etdik ki, Əli Kərimlinin iki illik keçid dövründə prezidentlik etməsi məqbul deyil. Bu rejimdən xilas olmaq naminə Əli Kərimli və onun komandası iddialarından geri çəkildi. Keçid dövrü üçün Milli Şuranın namizədinin Rüstəm Ibrahimbəyov olacağı fikri irəli sürülür. AXCP və onun liderinin bir ildən artıqdır ki, fəaliyyəti müxalifətin geniş koalisiyasının yaradılmasına yönəlib. AXCP-nin son illər fəaliyyəti müxalifətin inteqrasiyasına nail olmağa, vahid platformada birləşməsinə yönəlmişdi. Rüstəm Ibrahimbəyovun Milli Şura təklifi AXCP-nin mövqeyi ilə üst-üstə düşdüyünə görə biz onu dəstəklədik. Bu istiqamətdə AXCP lideri xeyli çabalar göstərdi. Nəhayət ki, biz birliyə nail olduq. Ona görə keçid dövrü üçün biz Rüstəm Ibrahimbəyovu daha şanslı namizəd sayırıq. Tarix və zaman AXCP-nin, onun sədrinin addımlarının düzgün olduğuna qiymət verəcək.

- Milli Şuranın namizədi kimi Rüstəm Ibraihimbəyovun adının hallandığı bir zamanda həm də vurğulanır ki, adı irəli sürülən vahid namizəd vətəndə olmalıdır. Bu yanaşmaya münasibətiniz necədir?
- Rüstəm Ibrahimbəyov bu günlərdə Amerikada çox önəmli görüşlər keçirdi. Eyni zamanda Rüstəm bəyin Avropa və Türkiyədə görüşləri nəzərdə tutulub. Rüstəm Ibraihimbəyovun Milli Şuranın təqdimatı ilə xaricdə görüşlər keçirməsi təşkilatın xeyrinədir. Bu baxımdan Rüstəm bəyin bu fəaliyyətini, çalışmalarını müsbət dəyərləndirirəm. Rüstəm bəy hazırda Milli Şuranın sədridir. Yəqin ki, təşkilatın elə vahid namizədi də məhz o olacaq. Düşünmürəm ki, vahid namizəd elan edilə biləcək şəxsin hazırkı dönəmdə Azərbaycanda olması o qədər də prinsipial əhəmiyyət daşımır. Rüstəm bəy hazırda xarici səfərlərini davam etdirsin. Milli Şura da öz fəaliyyət proqramına uyğun olaraq qurur. Milli Şuranın əsas istiqaməti Rüstəm Ibrahimbəyovun vətənə dönməsi olmamalıdır. Əsas istiqamət Milli Şuranın beynəlxalq aləmdə tanınmasına yönəldilməlidir və Rüstəm bəy bu istiqamətdə fəaliyyətini davam etdirir.

“Azərbaycana diqqət seçki yaxınlaşdıqca artacaq”

- Bir müddət əvvəl Azərbaycanda keçirilən ən kiçik piket və orada qeyri-adekvat gücün tətbiq olunması beynəlxalq təşkilatlardan sərt tənqid alardı. Amma hazırda hakimiyyətin yürütdüyü siyasi repressiyalara qarşı heç bir reaksiya verilmir. Seçki yaxınlaşdıqca beynəlxalq aləmin mövqeyində hansısa dəyişiklik gözləyirsinizmi?
- Əslində beynəlxalq aləmin Azərbaycanda baş verənlərə münasibətdə fərqli mövqe sərgiləməsi Milli Şura elan olunandan sonra özünü göstərməyə başladı. Cəmiyyətin, beynəlxalq birliyin istəyi bu idi ki, Azərbaycanın demokratik qüvvələri vahid mövqedən çıxış etsin. Milli Şuranın yaranmasıyla artıq cəmiyyətin istəyinə uyğun olaraq müxalifətin inteqrasiyası baş verib. Avropa Parlamentinin son qətnaməsində Azərbaycanda baş verənlərə çox prinsipial mövqe sərgilənib. Dövlət başçısının Brüsselə səfəri zamanı Borozzo ilə görüşlərində bu məsələlərin müzakirə predmeti olması üçün həm Avropa Parlamenti, həm də Azərbaycanın tanınmış şəxsləri müraciəti ediblər. Müraciətdə Azərbaycanda söz və mətbuat azadlığının, sərbəst toplaşmaq hüququnun pozulmasının, normal seçki keçirilməsinin müzakirəsi təklif olunur. Avropa Parlamentinin mövqeyi göstərir ki, dünyanın Azərbaycana baxışlarında dəyişikliklər var. O fikirlə razıyam ki, Azərbaycanda baş verənlərə diqqət xeyli azalmışdı. Amma seçki ilində dünyanın Azərbaycana yanaşması dəyişib. Dünya mediasında Azərbaycan hakimiyyətinin korrupsioner əməlləri artıq daha tez-tez gündəmə gəlir.

- YAP qurultayının vaxtını avqusta elan etsə də, daha sonra tədbirin vaxtını dəyişdi və son qurultayda partiya rəhbərliyində ciddi dəyişiklik baş verdi. Partiyanın rəhbərliyinə siyasətlə əlaqəsi olmayan şəxslər gətirildi. Belə bir addımın atılmasında məqsəd nə idi
- Bu, YAP daxilindəki qeyri-müəyyənlikdən irəli gəlir. Hakim partiya Ilham Əliyevin namizədliyini irəli sürməsinə baxmayaraq o, hələ indiyə kimi birmənalı şəkildə bildirməmişdi ki, 3-cü dəfə namizədliyini irəli sürəcək. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın YAP-a sədr müavini təyin edilməsi də YAP daxilində başqa mətləblərdən xəbər verir. Görünür, ehtiyat variant kimi, Ilham Əliyev namizədliyindən imtina edərsə, Mehriban Əliyevanın namizədliyinin irəli sürülməsi realdır. Hakim partiyanın da rəhbərliyində bu cür dəyişikliyin edilməsi məhz buna xidmət edir. YAP rəhbərliyinə AMEA prezidentinin, Əli Həsənovun gətirilməsi və Ramiz Mehdiyevin kadrlarının uzaqlaşdırılması onu göstərir ki, hakimiyyətdən prezidentliyə namizədlik məsələsində sürprizlər gözləmək olar. Bu, hakimiyyət daxilində baş verən proseslərin məntiqi nəticəsidir. Eyni zamanda baş verənlər hakim komandada bir-birinə qarşı inamsızlığı göstərir.

“Hakim partiyada yeni komanda formalaşdırılır”

- Həsən bəy, YAP rəhbərliyində əsasən Naxçıvan qruplaşmasını təmsil edənlər üstünlük təşkil edirdisə, hazırda bu balans pozulub...
- Burada məqsəd Naxçıvan klanını YAP-dan sıxışdırmaq idi. Dəyişiklikdə hakim ailənin mövqeyinə daha çox üstünlük verilməsi sezilir. Misir Mərdənovun da vəzifədən uzaqlaşdırılması və təhsil ilə bağlılığı olmayan şəxsin nazir postuna gətirilməsi bu planın tərkib hissəsi idi. Bu, yeni komandanın formalaşmasından xəbər verir. Seçki günü yaxınlaşdıqca baş verənlər özünü daha çılpaq formada göstərəcək. Yaxın zamanlarda hakimiyyət daxilində yeni toqquşmalara şahid olacağıq.

- Milli Şura siyasi aksiyalara nə zaman başlamaq niyyətindədir? 2005-ci il parlament seçkilərində demokratik qüvvələr hələ mayın 21-dən sərbəst toplaşmaq azadlığı uğrunda mübarizəyə başlamışdı...
- Normal təbliğat kampaniyasının aparılması üçün hakimiyyət özündə güc taparaq buna şərait yaratmalıdır. Avropa Parlamentinin qətnaməsində ölkəmizdə sərbəst toplaşmaq azadlığının durumunun necə olması açıq formada göstərilib. Milli Şura kütləvi aksiyalarla bağlı nə zaman qərar qəbul etsə, AXCP olaraq onu yerinə yetirməyə hazırıq. AXCP üçün razılaşdırılmış və ya razılaşdırılmamış aksiyaların fərqi yoxdur. Aksiyaların zamanı Milli Şuranın qərarından asılıdır.

Xəyal
Source : Azadliq.info
Related Stories
Comment