0
Sunday 2 September 2012 - 16:57

ABŞ Əliyevdən izahat istəyir!..

Story Code : 192152
ABŞ Əliyevdən izahat istəyir!..
ABŞ Əliyevdən izahat istəyir!..
Ramil Səfərovun azadlığa buraxılması ilə bağlı Amerika Dövlət Departamentinin Azərbaycandan izahat istəməsi cəmiyyətdə böyük rezonans doğurdu. Amerika tərəfi Azərbaycan zabitinin azadlığa buraxılmasından niyə ciddi narahat olur?

Modern.az məsələ ilə bağlı millət vəkili və hüquqşünasdan münasibət öyrənib.

Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü İlyas İsmayılov deyir ki, azərbaycanlı zabitin ekstradisiyası və onun əfv edilməsi heç bir hüquq normasına zidd deyil. Onun sözlərinə görə, cinayət törədənin öz ölkəsinə ekstradisiya olunması və prezidentin onu əfv etməsi bütün hüququ normalarına uyğundur:
“Prezidentin də onu əfv etmək hüququ var. O da bundan istifadə etdi. Ona görə ki, Ramil Səfərovun vətəni ermənilər tərəfindən işğal olunub. Onun bir çox qohumlarını öldürüblər. Sonra da erməni onun dövlət rəmzini təhqir edəndə, o, affekt vəziyyətində qarşı tərəfi öldürüb. Burda qanuna zidd hec bir şey yoxdur. Mən hesab edirəm ki, Amerikanın belə bir bəyanatla çıxış etməsi erməni lobbisinin təsirindən irəli gəlir”.

Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Məlahət İbrahimqızı da Amerika Dövlət Departamentinin yaydığı bu press-relizi hədsiz dərəcədə pisləyərək, bu bəyanatı qınadığını söylədi. O, bildirdi ki, ABŞ kimi dünyanın super güclü dövlətinin dünyaya insan haqlarından, qanunun aliliyindən danışması və Ramil Səfərovun azadlığa buraxılması məsələsinin kökünü araşdırmadan belə məsuliyyətsiz bəyanat yayması absurddur:
“Mən sual verirəm: Avropada gündə nə qədər qətllər olur? Bu yaxınlarda Almaniyanın özündə 10 türk ailəsinə qarşı məqsədli mütəşəkkil terror baş verdi. Norveçdə onlarla adam qətlə yetirildi. ABŞ-ın özündə gündə nə qədər qətllər olur. Avropada qətlə görə 10-15 ildən artıq iş verilmir.
Niyə Ermənistanın Xocalıda törətdiyi cinayətə münasibət bildirmirlər? Amerika Dövlət Departamenti yaxşı olardı ki, Serj Sarkisyanın Xocalıda törətdiyi cinayətə münasibəti bildirsin. Amerika Dövlət Departamenti qoy İnterpol-a desin ki, orda qadınların, qızları, körpələri qətlə yetirən Serj Sarkisyanı prezident kimi məsuliyyətə cəlb etmirsiniz, ya yox ?
Ailəsində onlarla şəhid verən, yurdundan-yuvasından didərgin düşən bir insanın edilən təhqirlərə dözməyərək, anlaqsız vəziyyətdə belə bir hadisə törətməsi başadüşüləndir. Bir daha deyirəm ki, Amerika Dövlət Departamentinin belə bir bəyanat yaymasını məsuliyyətsiz bir addım hesab edir, qərəzli və ikili standartlara dayanan münasibət sayıram.
Ramil Səfərov 8 ildən çox həbsxanada təkadamlıq kamerada yatdı. Bu özü böyük cəzadır. Baxmayaraq ki, o bir cinayətkar deyildi. Əksinə cinayətə, təcavüzə məruz qalan bir ailənin uşağıydı. İstənilən hüquqda, istənilən məhkəmə tibbi ekspertizada insanın hadisəni törədərkən anlaqlı və anlaqsız vəziyyətdə olması nəzərə alınır. Bəs bu niyə araşdırılmır, buna niyə münasibət bildirilmir?
Macarıstan və Azərbaycan arasında məhkumların ekstradisiyası ilə bağlı ikitərəfli müqavilələr, əməkdaşlıq var. 8 illik cəzadan sonra Ramilin Macarıstandan Azərbaycana ekstradisiya olunması tam qanunauyğun prosesdir. Mən uzun müddətdir Əfv Komissiyasının üzvüyəm. Bu günə qədər yüzlərlə məhkum Azərbaycandan başqa ölkələrə ekstradisiya edilib. Belə məhkumlar Avropa, Amerika, Asiya, İran, Rusiya, Gürcüstan, Türkiyədən də olub. Bu normal bir prosesdir. Təbii ki, prezidentimiz beynəlxalq hüquqa dayanaraq, Ramil Səfərovu əfv etdi”.

Vaxtilə Ramil Səfərovun vəkili olmuş vəkil Adil İsmayılov deyir ki, bir azərbaycanlı kimi o da bu hadisəyə sevinir, amma bundan sonrasından narahatlıq keçirir. Onun fikrincə, Azərbaycan hökuməti Ramili dərhal əfv etməyə də bilərdi ki, xarici ölkələr belə hay-küy salmasınlar...

Gültəkin ƏLƏSGƏR
Modern
Related Stories
Comment