Islam Times 25 Oct 2010 062010000000Mon, 25 Oct 2010 06:34:58 +0330 6:34 https://www.islamtimes.org/az/fori_news/41629/müharibə-gözləntisi -------------------------------------------------- Title : Müharibə gözləntisi -------------------------------------------------- "Poeziya tərcümədə itir". Amerikalı şair Robert Frost haqlı idi: Azərbaycanın son diplomatik səylərini və XİN-in açıqlamalarını başqa dillərə tərcümə edəndə məzmun eyni olsa da, məna qismən itir. Text : "Azərbaycan torpaqlarının işğalı ilə heç zaman barışmayacaq". Bu ifadə artıq hakimiyyətin ideoloji möhürünə, əzbər söylənən və mənasına varılmayan ifadəyə çevrilib. Ermənilər Dağlıq Qarabağı və ətraf rayonları işğal ediblər. Ötən il, inişil və ya 4 il əvvəl yox - sənələr öncə. İşğal zamanı südəmər körpə olan soydaşlarımız indi hərbi xidmətə hazırlaşır. O ərazilər bizim torpaqlarımızdır və dünya birliyinin, ya da hansısa ölkənin bunu tanıması və ya inkar etməsindən asılı olmayaraq, belədir. Ta o zamana ki, özümüz o torpaqlardan imtina etməyək: bu isə olası iş deyil. Yəni ifadənin məğzi nisbətən aydınlaşır və görünən də budur ki, hakimiyyət xalqa "işğaldakı torpaqları azad etmək üçün səylərimizə bir an da fasilə verməyəcəyik" demək istəyir. Fəqət, söyləmə tərzi yarıtmaz olduğundan ifadə dünyanın bir çox yerlərindəki revanşistlərin açıqlamalarına bənzəyir. Məsələn, Almaniyadakı revanşistlər deyirlər ki, Sudeti heç zaman unutmayacaqlar: halbuki o bölgə Çexiya ərazisindədir. Yaponiyada da Kuril adaları ilə bağlı dövlət səviyyəsində revanşizm var. Tokioda iqtidarlar dəyişsə də, bu adalarla bağlı mövqe dəyişmir. Hakimiyyət və xalq eyni sözü deyir - o adalar Yaponiyanın şimal əraziləridir, vəssalam. İkinci Dünya Müharibəsindən sonra Sovetlər Birliyinin başqa ərazilərlə bahəm, özünə qatdığı İturup, Xabomai və Kunaşirə binoklla baxmaq üçün yaponlar Xokkaydo adasının şimal ucqarlarındakı qayalıqları ziyarət məkanına çeviriblər. Amma biz revanşist deyilik. Sadəcə, terrorizm siyasəti yürüdən Ermənistan silahlı qüvvələrinin "Dağlıq Qarabağ ermənilərinin silahlı birləşmələri" adı ilə işğal edərək viran qoyduğu torpaqlarımızı azad etmək istəyirik. Bu isə dövlətin məqsədi yox, xalqın istəyi və tələbidir. Bir qədər emosional desək, vicdan və insanlıq məsələsidir. Çünki vətəninin bir hissəsinin işğalı ilə barışan, ya da barışmağa çalışıb bu hissinə müxtəlif "sivil" donlar geydirməyə can atan insan məncə, vicdansız məxluqdur. Dağlıq Qarabağ münaqişəsi və işğal edilmiş ərazilər sırf hərbi, siyasi və mənəvi məsələ deyil. Bizlər həmin problemləri həll etməsək, özümüzdən sonra gələn və gələcək nəsilləri ciddi müşküllərlə üzbüz qoyacağıq. Ərazisinin bir hissəsi müvəqqəti də olsa, itirilmiş vəziyyətdə olan Azərbaycan münaqişə həll edilməyincə dövlət büdcəsinin əhəmiyyətli hissəsini müdafiə xərcləri və silahlanmaya sərf etmək məcburiyyətindədi. Belə davam edərsə, sosial proqramlar, təhsil və səhiyyəyə ayrılması mümkün pullar güllə, mərmi və raketlərə, tank və toplara sərf ediləcək. Deməli, Dağlıq Qarabağ münaqişəsi xalqın təhsili və səhiyyəsini geri salan amillər arasında ən mühüm yerlərdən birini tutur. Münaqişənin çözülməməsi xalqın fasiləsiz olaraq müharibə gözləntisi ilə yaşamasıdır. Təbii ki, sosiumdakı narahatlıq dövlət siyasətinə də inikas edir və sonucda Azərbaycan sürəkli müharibə gözləyən, ya da səbri tükənməkdə olub müharibəyə başlayan ölkə təsiri bağışlayır kənardan. Təbii ki, xarici şirkətlər və əcnəbi investorlar belə ölkənin iqtisadiyyatına sərmayə yatırmaq fikrinə düşəndə həddən ziyadə düşünəcək, götür-qoy edəcəklər. Müharibə gözləntili məkan çox riskli sayılır. Məhz ona görə də Azərbaycanda fəaliyyət göstərən xarici neft şirkətlərinin Bakıdakı əməkdaşları şəhəri tərk etməsələr də, "riskli bölgədə işləyən" insanlar sayılır, onlara maaş və bonuslar da "red alarm territory" prinsipi ilə verilir. London və ya Parisdəki menecer xəritədə Dağlıq Qarabağa baxır, ora ilə Bakının arasındakı məsafənin çox olmadığını görür və az qala Azərbaycan ərazisinin əksəriyyətini "potensial müharibə əməliyyatları zonası" hesab edir. Və ən nəhayət, Dağlıq Qarabağ münaqişəsinin digər naqis fəsadı insanların yaşamına bilavasitə təsirdir. Müharibə bölgəsini tərk etmiş insanlar illərdən bəri köçkün kimi yaşasalar da, yurdlarını unuda bilmirlər. Dayanıqlı yer hiss olmayan insanlarda isə özlərindəən asılı olmayaraq aqressivlik və radikallıq hisslərinin həddi yüksəkdi. Sahib olduğunu itirmiş insanı anlamaq çətindi. Beləsi onun dərdini dərk edə bilməyənlə qarşılaşanda isə başına gələnlərdə az qala hər kəsi suçlamağa başlayır. O, günahkar deyil. Günah problemin həllini uzadanlardadı. Onları da yaxşı tanıyırsınız... Hüseyn Bakuvi